Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş olub
Azərbaycana səfəri çərçivəsində Latın Amerikasından olan media nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovla görüşüblər. Görüşdə Meksikanın nüfuzlu KİV-dən olan “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın geniş izləyici kütləsinə malik “Impacto Mundo” telekanalının aparıcısı, ölkənin ən nüfuzlu siyasi xəbər agentliklərindən sayılan “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi Rikardo Sançes, Perunun nüfuzlu “La Razon” qəzeti və “Prensa21” xəbər portalının rəhbəri Karlos Linares Uarinqa iştirak edib.
V.Seyidbəyov qonaqları salamlayaraq Komitənin və Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, dünya ictimaiyyətinin ölkəmiz ilə bağlı məlumatlandırılmasında diasporun rolu, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Əcnəbi jurnalistlərin Azərbaycan diasporunun təşkilatlanmasının formaları, yayım coğrafiyası, yumşaq gücə çevrilmə imkanları, diaspor gəncləri və diaspor qadınları ilə bağlı layihələr, eləcə də bir sıra digər məsələlərə dair sualları cavablandırılıb.
Qeyd edək ki, görüşdə iştirak edən xarici KİV nümayəndələri təmsil etdikləri media orqanlarında mütəmadi olaraq respublikamıza aid aktual mövzularla çıxış edib, Qarabağ həqiqətlərini obyektiv işıqlandırmağa çalışıblar.