Azərbaycan diasporu festivalda Vətəni təmsil edib
Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə və Dövlət bayrağı gününə həsr olunmuş "Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!" şüarı ilə keçirilən “Etnik Çələng” («Етнічний віночок») festivalında Azərbaycan diasporunun simasında Vətənimizi Ukrayna Azərbaycanlıları Radası təmsil edib.
Bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyasının rəhbəri Dmitri Ratnikovla görüşüb. UAR həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini adminstrasiya rəhbərinə çatdıran baş katib Ukrayna xalqına birlik, qələbə və sürətli inkişaf arzuladığını bildirib.
Ermənistan nümayəndələrinin qatılmadığı festival Ukrayna Azərbaycanlıları Radasının fəal üzvü, xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukraynanın xalq artisti, ictimai xadim Raisa Nedaşkivskayanın təşkilatçılığı ilə baş tutub.
Azərbaycanla yanaşı, dünyanın 62 ölkəsinin milli mədəniyyət nümunələrinin təqdim edildiyi festivalda ölkəmizi Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbasov Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə təmsil edib.
Festival iştirakçılarına müasir informasiya texnologiyaları ilə Ukrayna naxışlarının gözəlliyinin unikal birləşməsi - Desnyanskiy rayonu haqqında çəkilmiş bir film olan Ukrayna ornamenti ilə işlənmiş QR kodu təqdim olunub. Bu eyni zamanda, “İlk dəfə. İT texnologiyaları” nominasiyasında yeni rekord hesab olunur.