...

Ukraynalı ədib Azərbaycan Evinin qonağı olub

20.08.2021

Ukraynanın tanınmış yazıçısı, ssenarist, tərcüməçi və cazmen Sergey Qrabar Kiyevdə Azərbaycan Evinə gələrək Ukrayna Azərbaycanlıları Radasının (RAU) fəaliyyəti ilə yaxından tanış olub.
RAU-nun Baş katibi Ceyhun Məmmədov və Aparat rəhbəri Elşad İbrahimovla keçirilən görüşdə ukraynalı ədibə Azərbaycan diasporunun yenilikləri barədə məlumat verilib.
C.Məmmədov tanınmış yazıçıya RAU həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun salamlarını çatdırıb. Diaspora yaxından əməkdaşlıq üçün təşəkkürünü bildirən Sergey Qrabar xatırladıb ki, o daim Ukraynada Azərbaycan səfirliyi və diasporunun tədbirlərində yaxından iştirak edib.
Azərbaycanın xalq yazçısı Anarın "Ağ qoç, qara qoç" əsərini ukrayncaya çevirən yazıçı ölkəmiz və Azərbaycan ədəbiyyatı haqqındakı yüksək fikirlərini bildirib. Əsərin ana xəttini təşkil edən “milli birlik” ideyasının bu gün üçün həm də Ukrayna üçün önəmini vurğulayıb. Ədib qeyd edib ki, daim Azərbaycan həqiqətlərinin yanındadır: “Azərbaycanı təbrik edirəm ki, nəhayət öz torpaqlarını işğaldan azad etdi. Əminik ki, tezliklə Ukrayna da torpaqlarını azad edib ərazi bütünlüyünü bərpa edəcək”.
Daha sonra Kiyevdə Ukrayna-Azərbaycan birgə yaradıcılıq gecəsinin keçirilməsi müzakirə olunub. Görüşün sonunda yazıçı-şair yeni kitablarınnı imzalayaraq Azərbaycan evinə - diasporuna hədiyyə edib.