...

Misirdəki Azərbaycan diaspor mərkəzində xarici tələbələrlə görüş olub

18.08.2021

Misirdə fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzində Qahirənin müxtəlif universitetlərində təhsil alan xarici tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, tələbələr mərkəzdə təşkil edilmiş ərəb dili və ədəbiyyatı kursunda ödənişsiz təhsil alacaqlar. Bu il ərəb dili və ədəbiyyatı kursunda Uzaq Şərq və Afrikadan olan 43 müdavimin təhsil alacağına diqqəti cəlb edən birlik sədri qeyd edib ki, onlara təcrübəli müəllimlər həftədə 3 dəfə dərs keçəcəklər. Görüş iştirakçılarına diaspor mərkəzində ümumilikdə 500 gəncin müxtəlif fənlər, o cümlədən Azərbaycan dili, xəttatlıq, qiraət və s. üzrə kurslarda təhsil aldığı, afrikalı və asiyalı gənclərin mənsub olduğu ölkələrlə Azərbaycanın əlaqələri, Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, ədəbiyyatı, müasir inkişafı barədə müfəssəl məlumat verilib.
Pakistan, Əfqanıstan, İndoneziya, Banqladeş, Nigeriya, Seneqal, Somali, Sudan, Komor adaları və digər ölkələrdən olan tələbələr diaspor mərkəzində yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə ediblər, ərəb dili və ədəbiyyatı ilə yanaşı, Azərbaycan dilinə, tarixinə və mədəniyyətinə də maraq göstərdiklərini vurğulayıblar.