...

“Xəzər Azərbaycan İcması”nın rəhbəri vəfat edib

18.08.2021

Rusiyadakı Azərbaycan diasporuna ağır itki üz verib. Voronej vilayətində fəaliyyət göstərən “Xəzər Azərbaycan İcması”nın rəhbəri Eldar Sadıqov ömrünün 61-ci ilində vəfat edib.
Voronej Dövlət Universitetinin məzunu olan həmvətənimiz 2000-ci il 19 aprel tarixində bu vilayətdə “Xəzər Azərbaycan İcması” regional ictimai təşkilatını yaradılmasında böyük rol oynayıb. 20 ildən artıq müddət ərzində Azərbaycan xalqının zəngin tarixinin və mədəniyyətinin təbliği, millətlərarası ünsiyyət və tolerantlıq mədəniyyətinin formalaşdırılması ilə məşğul olub. Müxtəlif xeyriyyə layihələrini həyata keçirən soydaşımız koronavirus pandemiyası başlayandan aztəminatlı voronejlilərə humanitar yardımların göstərilməsi prosesində fəal iştirak edirdi.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, Eldar Sadıqov millətlərarası barışın möhkəmləndirilməsi naminə xeyirxah işlərin təşəbbüskarı olub. Soydaşımızı “Azərbaycan xalqının ləyaqətli oğlu” adlandıran qubernator onun ailəsinə başsağlığı verib.
Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənimizin vəfatından kədərləndiyini bildirir, ailə üzvlərinə və yaxınlarına, Rusiyadakı diaspor nümayəndələrinə və soydaşlarımıza dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.