İsrail jurnalistlərinin Azərbaycana səfəri başa çatıb
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər etmiş israilli jurnalistlər ölkəmizin işğaldan azad olunmuş ərazilərində və digər bölgələrində olublar.
“Azİz”in prezidenti Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyətində İsrailin “Ronkino Media Group”unun marketinq direktoru Aleksandr Arye Qut, “АzIz” xəbər saytının rəhbəri, siyasi şərhçi Yuri Boçarov, “Luchsheye radio”nun baş redaktoru Zvi Zilber, “Azİz”in İdarə Heyətinin üzvü, “Sputnik” qəzetinin baş redaktoru Mark Qorin, “Epoxa” regional qəzetinin baş redaktoru Lyudmila Karasova təmsil olunublar.
Səfər çərçivəsində jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov, AZAL-ın xüsusi nümayəndəsi Valeh Əmiraslanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı və Gəncədəki yəhudi icmalarının, müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüblər.
Nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını, Heydər Əliyev Mərkəzini və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini ziyarət edib.
Sonra jurnalistlər Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Bərdə, Tərtər rayonlarında, Şuşa və Gəncə şəhərlərində olublar. Qonaqlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minaların təmizlənməsi prosesini izləyiblər, Zəngilanın Ağalı kəndində icra olunan “ağıllı kənd” layihəsi və ekoterrora məruz qalmış Oxçuçayın vəziyyəti, Füzuli rayonundakı beynəlxalq hava limanının tikintisi, Şuşada və digər ərazilərimizdə aparılan bərpa işləri, Azərbaycanda müxtəlif icmaların və dini konfessiyaların fəaliyyəti üçün yaradılmış şəraitlə tanış olublar.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı törətdikləri hərbi cinayətlərə, Qarabağın “Xirosiması”na çevrilmiş Ağdamda evlərin viran qoyulduğuna, məzarların xüsusi vəhşiliklə dağıdımasına şahid olublar. Nümayəndə heyəti gördüyü acınacaqlı mənzərədən – Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi dəhşətli vandalizm aktlarından çox məyus olduğunu bildirib.
Avqustun15-də İsrail jurnalistlərinin Azərbaycana səfəri başa çatıb.
İsrailin “Luchsheye Radio” kanalının səfərlə bağlı reportajını aşağıdakı linklərdən izləmək olar:
https://youtu.be/4LPZOhPBs3U
https://fb.watch/7j2uMffwHM/