...

Dövlət Komitəsində “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun üzvləri ilə görüş keçirili

16.08.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” nun üzvləri ilə görüşüb.
Komitə sədri Dövlət Başçısının tapşırığı ilə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən işlər barədə məlumat verib, diasporumuzun ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşməsini yüksək qiymətləndirdiyini qeyd edib.
Bildirilib ki, Qarabağda qazanılan Böyük Zəfərdən sonra Azərbaycanın dünyada tanıdılması diasporun qarşısında duran əsas vəzifədir. Komitə xaricdə yaşayan hər bir soydaşımızla işləməkdə maraqlıdır, diasporun birlik və həmrəyliyinin daha da möhkəmlənməsi, ölkəmizin təbliği istiqamətində sistemli işləməsi üçün lazımi addımları atır.
Klub üzvləri Qarabağda qazanılmış tarixi zəfərə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun qəhrəman heyətinə minnətdarlıq edib, torpaqlarımızın işğaldan azad edilməsi naminə canları-qanlarından keçən şəhidlərimizə Allah Təaladan rəhmət və qazilərimizə şəfa diləyiblər.
“Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun üzvlərinin fəaliyyət imkanları və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, diasporun mövcud problemləri dinlənilib, onların həlli istiqamətində təkliflər səsləndirilib.
Qeyd edək ki, “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” 44 günlük Vətən müharibəsi dövründə müxtəlif ölkələrdə yaşayan fəal azərbaycanlı xanımlar tərəfindən yaradılıb və arxa cəbhədə-informasiya mübarizəsində fəallıq nümayiş etdirib.
Görüşün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin adından “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”na “Təşəkkürnamə” təqdim edilib.