...

Azərbaycan diaspor nümayəndələri Qarabağda səfərdədir

17.08.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycandakı diaspor nümayəndələrindən ibarət ikinci qrup artıq Qarabağda, Şuşa şəhərində səfərdədir.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni - Azərbaycanla Türkiyəni bir-birinə sıx tellərlə bağlayan “Şuşa Bəyannaməsi”nin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi yerləri ziyarət edirlər.

Diaspor üzvlərinə ölkə rəhbərliyinin tapşırığı ilə Şuşada və Qarabağın digər ərazilərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilir.

Xaricdə yaşayan azərbaycanlılar iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandırıblar.

Azərbaycan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Qarabağa səfərində 26 ölkədən 100-ə yaxın diaspor təmsilçisi iştirak edir.

Qeyd edək ki, bu xüsusda iyulun 27-də Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspor nümayəndələrinin Qarabağa, Şuşa şəhərinə birinci səfəri təşkil olunub və səfər böyük maraq doğurub.