Dövlət Komitəsində Ukrayna Ali Radasının deputatı ilə görüş keçirilib
Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrinin müavini Lyudmila Marçenko Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Ali Radanın deputatını salamlayan Dövlət Komitəsinin sədri dünya ictimaiyyətin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında dost Ukrayna xalqının Azərbaycana dəstəyini yüksək qiymətləndirdiyini və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə Komitə rəhbərinə təşəkkür edən Radanın deputatı Azərbaycanın qazandığı Zəfərin önəminə toxunub və bu tarixi qələbədən sonra Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanlar yarandığını bildirib.
Deputat ölkələrimiz arasında informasiya mübadiləsinin gücləndirilməsinin aktual mövzu olduğunu xüsusi ilə vurğulayıb və “Azərbaycan-Ukrayna” Beynəlxalq Media Platformasının yaradılması məqsədilə fəal əməkdaşlığa başlanıldığını əlavə edib.
Qeyd edək ki, Lyudmila Marçenkonu Azərbaycan səfərində “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov müşayət edir.