...

Azərbaycan diasporunun fəal üzvünə medal təqdim edilib

11.08.2021

Oman Sultanlığında yaşayan, Qaboos Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlfəsə doktoru, Azərbaycan diasporunun fəal üzvü Vüsalə Yusif Əmirbəyova ölkəmizə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitənin sədri Fuad Muradovla görüşüb.

Görüş zamanı son illər ərzində komitənin fəaliyyəti, xaricdə, o cümlədən Omanda yaşayan azərbaycanlıların təşkilatlanması, qarşıda duran başlıca vəzifələr və məqsədlər, Azərbaycan ilə Oman arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin inkişafında diasporun rolunun artırılması barədə fikir mübadiləsi aparılıb.

Vüsalə Yusif Əmirbəyova solo konsertlərdə çıxışlarından və gənc azərbaycanlı alim-tədqiqatçı kimi Böyük Britaniya, Yaponiya, Malaziya, Sinqapur, Tailand və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanın görkəmli bəstəkarlarının və incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə əlaqədar həyata keçirdiyi təqdimatlarından danışıb. Azərbaycan mədəniyyətinin və incəsənətinin Omanda tanıdılması məqsədilə Sultan Qaboos Universitetinin tədris proqramına salınan layihə üzərində işlədiyini nəzərə çatdırıb.

Görüşün sonunda Dövlət Komitəsinin sədri tanınmış sənətşünasa Azərbaycan mədəniyyətinin, incəsənətinin Omanda təbliğinə, milli maraqlarımızın müdafiəsinə, diaspor fəaliyyətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalını təqdim edib.

Soydaşımız Azərbaycan diasporuna göstərilən diqqət və qayğıya görə dövlətimizə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, Vüsalə Yusif Əmirbəyova 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği, eyni zamanda şəhid ailələrinin və qazilərin dəstəklənməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş “Yaşat” Xeyriyyə Marafonunda yaxından iştirak edib.