Qırğızıstanda Nizaminin “Yeddi gözəl” əsərinin audiokitabı hazırlanıb
Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ili Azərbaycanda "Nizami Gəncəvi ili" elan edib.
Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” Nizami Gəncəvi irsinin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Bir neçə il əvvəl Fondun sifarişi ilə dahi şairimizin "Yeddi gözəl" əsəri qırğız dilinə tərcümə edilərək kitab şəklində yerli ictimaiyyətə pulsuz yayılmışdır. Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun tərcüməsi ilə olan kitab tam şəkildə fondun saytına yüklənib.
Bu dəfə isə Fond fərqli bir addım atıb. Belə ki, TürkPA-nın və Qırğız Respublikası İctimai Televiziyasının dəstəyi ilə Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin qırğız dilində audiokitabı hazırlanıb. Fondun prezidenti Nüsrət Məmmədovun bildirdiyinə görə, Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq yaradılmış bu audiokitab dünyada fəaliyyət göstərən Azərbaycan diasporu arasında bir ilkdir.
Məşhur qırğız diktor Jıpara Şabdanaliyeva səsləndirdiyi audiokitab 14 hissədən ibarətdir və 6 saat 4 dəqiqə davam edir. Audiokitabın rejissoru Bektursun Kaldarovdur.
Audiokitab tam şəkildə Fondun saytına yüklənib. Audiokitabla tanış olmaq istəyənlər bu linkə daxil ola bilərlər:
http://turktoday.info/az/zheti-suluu-audio-kitebi/