...

Diasporla İş üzrə Dövlət Komitəsində yəhudi əsilli media nümayəndələri ilə görüş olub

10.08.2021

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın rəhbərlik etdiyi yəhudi əsilli jurnalistlərdən ibarət nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub. Komitə sədri Fuad Muradov qonaqları salamlayıb və bildirib ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonra Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib.

Azərbaycanla İsrail arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğu, yəhudi əsilli Azərbaycan vətəndaşlarının həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şücaət və qəhrəmanlıq göstərdiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Komitə sədri deyib ki, tarixi Zəfərdən sonra xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən insanların işğaldan azad olunmuş torpaqlarımıza təşkil olunan səfərləri Azərbaycanın haqq səsinin, həmçinin ermənilərin törətdikləri vandalizm aktlarının miqyasının dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti ilə kifayətlənmədiyi, torpaqlarımızda ekoloji terror törətdiyi qonaqların diqqətinə çatdırılıb, xarici media nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara səfərlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Qonaqlar Dövlət Komitəsinin sədrinə təşəkkür edərək Azərbaycanda olduqları üçün məmnunluq hissi keçirdiklərini və gələcəkdə də Komitə ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını qeyd ediblər.

Daha sonra Azərbaycan və İsrail diasporunun fəaliyyəti, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Sonda qonaqlara “Təşəkkürnamə”lər verilib və hədiyyələr təqdim olunub.