...

Diaspor təşkilatları arasında əməkdaşlıq perspektivlərindən danışılıb

09.08.2021

“Vətənpərvər” – Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Azərbaycan və Pakistanın Misirdəki diaspor təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, Pakistanın Misirdəki səfirliyinin əməkdaşı Raca Uzayir ul-Həqq, səfirin müşaviri Şəfqət Əli və bu ölkədə yaşayan pakistanlılarla görüşü zamanı iki qardaş ölkənin diaspor təşkilatları arasında daha sıx əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.

Pakistanlı diplomatlar Qahirə şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor mərkəzinin Misirdə təhsil alan pakistanlı gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Diplomatların nəzərinə çatdırılıb ki, Azərbaycan diasporu pakistanlı tələbələrin sosial-məişət problemlərinin həllində də dost köməyini əsirgəməyib.

Görüş iki ölkənin diaspor təşkilatları arasında mütəmadi görüşlərin və məsləhətləşmələrin keçirilməsi, birgə tədbirlərin təşkil olunması barədə razılığın əldə edilməsi ilə yekunlaşıb.