...

Amerika azərbaycanlıları Türkiyə xalqının yanında olduğunu bildirib

05.08.2021

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (ACCA) qardaş Türkiyədə güclü meşə yanğınlarının baş verməsindən kədərləndiyini ifadə edib.

ACCA-nın Türkiyənin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Hasan Murat Mercana ünvanladığı məktubda bildirilib ki, Türkiyənin müxtəlif bölgələrində baş verən bu fəlakət soydaşlarımızı çox kədərləndirib. "Əminik ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumətinin atdığı qətiyyətli addımlar sayəsində, Türkiyənin əzmkar və mübariz xalqı tezliklə bu fəlakətin öhdəsindən gələcək. ACCA və ABŞ-da yaşayan azərbaycanlılar hər zaman olduğu kimi qardaş Türkiyə xalqının yanındadır".

ACCA dəhşətli yanğınlarda həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalıb normal həyata dönmələrini arzulayıb.

Qeyd edək ki, Türkiyə üçün dua etdiklərini bildirən ACCA üzvləri yanğınlardan zərər görmüş Hatay meşələrinin yenidən yaşıla bürünməsi üçün fidan bağışlama kampaniyasına qoşulublar.