...

Azərbaycanlı alim ən yaxşı alimlər siyahısında 19-cu yerə çıxıb

05.08.2021

Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli alim Saleh Sultansoy "AD Scientific Index"in 2021-ci il üzrə dərc etdiyi reytinq cədvəlində yer alıb.

Reytinq cədvəlində dünyanın 10 min ən məhsuldar aliminin adı göstərilib. Ölkələr arasında 5103 alimi ilə ABŞ birinci yeri tutub. Qardaş Türkiyə 44 alimi ilə dünya üzrə 25-ci yerə çıxıb. Təqdirəlayiqdir ki, onların arasında hazırda Ankaradakı TOBB (Türkiyə Palatalar və Birjalar Birliyi) İqtisadiyyat və Texnologiya Universitetinin mühəndislik fakültəsinin, materialşünaslıq və nanotexnologiya mühəndisliyi kafedrasının professoru Dr. Saleh Sultansoy da var. Soydaşımız Türkiyə üzrə ən yaxşı alim siyahısında 19-cu, region üzrə 196-cı, dünya üzrə isə 601-ci yeri tutub. Dünya üzrə birinci yerə Harvard Universitetinin professoru Ronald C.Kessler, Türkiyə üzrə isə Ankara Universitetinin fizika kafedrasından Prof.Dr.Haticə Duran Yıldız layiq görülüblər.

Saleh Sultansoy 1993-cü ildən etibarən Türkiyəyə köçərək, Ankara Universitetində müqaviləli professor olaraq çalışmağa başlayıb. 1994-cü ildə Ankara və Qazi universitetlərində çalışan daha 15 alim ilə birlikdə Türk Bilim Kendi (ATAM) layihəsini hazırlayıb, Türkiyə Böyük Millət Məclisinə təqdim edib. 1996-cı ildə Ankara Universiteti ilə Almaniyanın DESY (Hamburq) Araşdırma Mərkəzi arasında Elmi İşbirliyi Müqaviləsinin imzalanmasında xüsusi xidmətləri olub. Saleh Sultansoyun səyi nəticəsində Ankara Universiteti 1998-ci ildə CERN ATLAS (Nüvə təcrübələri üzrə Avropa təşkilatı. Baş qərargah Cenevrə şəhərindədir) təcrübəsinə qatılmağa müvəffəq olub. 1999–2000 illərdə DESY araşdırma mərkəzində, 2001–2006 illərdə Qazi Universitesində müqaviləli professor olaraq çalışıb. 2005-ci ildə həmin universitetin beynəlxalq CERN ATLAS layihəsində iştirakını təmin etməyə müvəffəq olub. Saleh Sultansoyun 1200-dən çox elmi məqaləsi müxtəlif beynəlxalq jurnallarda və digər nəşrlərdə dərc edilib. Web of Science hesabatına görə alimin istinad indeksi 104-dür. 2013-cü ildə "Türk Fizik Derneği Profesör Engin Arık" mükafatı, 2016-cı ildə Türk Dünyası "Kızıl Elma Bilim" mükafatı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi tanınmış alimi bu möhtəşəm uğur münasibətilə təbrik edir və yeni-yeni elmi nailiyyətlər əldə etməyi arzulayır.