...

Azərbaycan diasporu nümayəndələri qaziləri və şəhid ailələrini ziyarət edib

04.08.2021

Azərbaycanda olan bir qrup diaspor nümayəndəsi Qarabağ, Şuşa səfərindən sonra Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən qazilər və şəhid ailələri ilə görüş keçirib.

Görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1200-dən çox qazi psixoloji, nevroloji və fizioterapevtik müalicə alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək dövlət tərəfindən qazilərimiz, eləcə də şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını, lakin bununla belə, hər bir azərbaycanlının qazilərə, şəhid ailələrinə diqqət və qayğı göstərməyi özlərinə mənəvi borc hesab etdiyini bildirib.

Qazilərimizə tezliklə sağalmağı, ailələrinin yanına və xidmət yerlərinə qayıtmağı arzu edən qonaqlar bildiriblər ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qanını, canını fəda etmiş Vətən övladları ilə fəxr edirlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, eləcə də qazi və şəhidlərimizin sayəsində yaşadıqları ölkələrdə artıq başı uca gəzirlər. Diaspor nümayəndələrindən Tərlan Qasımov qazimiz Rafiq Əliyevin müalicə xərclərini və bir şəhid ailəsini, Uğur Əfəndiyev şəhid ailələrindən birini öz himayəsinə götürüb. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyev qazilər qarşısında çıxış edib və onlara musiqi disklərini hədiyyə edib.

O cümlədən, Azərbaycan diaspor nümayəndələri həmçinin Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin üzvləri, şəhid xanımları və şəhid övladlarını ziyarət edib. Diaspor nümayəndələrinin təşəbbüsü ilə burada olan uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Şou proqramdan sonra uşaqlara, eləcə də qazilərə hədiyyələr təqdim olunub.