...

Bursada Azərbaycan mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

03.08.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransın gerçəkləşdirilməsi məqsədilə Bursa Böyükşəhər Bələdiyyəsi, Bursa Uludağ Universiteti, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər qurumları öz dəstəklərini göstəriblər. Tədbirdə 6 ölkəni təmsil edən 70-dən çox nümayəndə, o cümlədən görkəmli ədəbiyyatçılar və nizamişünas tədqiqatçılar iştirak ediblər.

Konfrans Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, iki ölkənin dövlət himnlərinin səsləndirilməsilə başlanıb.

Tədbirin açılış mərasimində Bursa Uludağ Universitetinin rektoru Saim Kılavuz, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar (online), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu çıxış ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev "Nizami Gəncəvi İli" çərçivəsində görülən işlər, o cümlədən əsərlərinin müxtəlif dillərdə nəşri və gələcəkdə qarşıda duran mühüm layihələr haqqında tədbir iştirakçılarına müfəssəl məlumat verib.

Çıxış edən digər natiqlər qüdrətli söz ustadının zəngin, mənalı həyat və fəaliyyəti, nadir yaradıcılıq üslubunun dünya ədəbiyyatına bəxş etdiyi töhfələrlə bağlı fikir və mülahizələrini tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi təkcə dahi şəxsiyyətin yaradıcılığına və şəxsiyyətinə deyil, ümumilikdə ədəbiyyata, fikir adamlarına, görkəmli şəxsiyyətlərə verilən yüksək dəyər kimi dəyərləndirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük tarixi Zəfərin belə tədbirlərin keçirilməsinə xüsusi əzəmət verdiyi, ərazi bütövlüyümüzün bərpasının regionda yeni situasiya və mədəniyyətimizin, eləcə də zəngin ədəbiyyatımızın, tarixi şəxsiyyətlərimizin təbliği və inkişafı baxımından yeni mərhələ yaratdığı vurğulanıb. Bildirilib ki, yaranmış imkanlardan məharətlə istifadə edilməsi bütün Türk Dünyası üçün səmərəli nəticələr verəcək, dünyada ədəbiyyatın və tarixi şəxsiyyətlərin qarşılıqlı tanınmasına böyük töhfə olacaq.

Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyilə Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi iyulun 29-dək davam edib.