...

Azərbaycanlı idmançı Nyu York şəhərindəki çempionatın qalibi olub

03.08.2021

ABŞ-ın Nyu-York şəhərində keçirilən qaydasız döyüş növü üzrə "Ekstremal qəfəs döyüşü" yarışında həmyerlimiz Elgün Xanoğlanlı möhtəşəm qələbə qazanıb.

57 kilo çəki dərəcəsində yarışa qatılan E.Xanoğlanlı rəqibi Ceremi Ruizlini 23 saniyə ərzində məğlubiyyətə uğradıb. "Nyu-York kəməri"ni alarkən meydana Azərbaycan bayrağı ilə çıxan soydaşımız qələbəsini Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr etdiyini bildirib.

Yarış zamanı idmançını ABŞ-ın müxtəlif ştatlarından və şəhərlərindən gələn soydaşlarımız dəstəkləyiblər. Qələbədən sonra isə Nyu York şəhərinin Bruklin rayonunun meri Erik Adams həmyerlimizi təbrik edib.

Qeyd edək ki, hər üç aydan bir keçirilən və dünyanın hər yerindən güclü idmançıların qatıldığı bu yarışda 29 yaşlı idmançı artıq ikinci böyük uğurunu qazanıb. Hazırda həmyerlimiz dekabrda keçiriləcək növbəti yarışa və 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlaşır.

Xatırladaq ki, Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2004-2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu, 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə Dünya çempionu tituluna yiyələnib. İtaliya, İran, Türkiyə, Estoniya, Belarus, Gürcüstan və Şimali Kipr Türk Respublikaında keçirilən beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edib. 2016-cı ildə ABŞ-a dəvət alıb. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu olub. Hazırda Nyu York şəhərində yaşayır.