...

Avstriya azərbaycanlıları Baden şəhərinin sakinlərini təbrik ediblər

02.08.2021

Avstriya Azərbaycanlıları Cəmiyyəti Baden şəhərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibəti ilə yerli sakinləri təbrik edib

Cəmiyyətin təbrik məktubunda bildirilib ki, Baden şəhərinin UNESCO-nun Ümumdünya İrsinin "Avropanın böyük kurortları" nominasiyasına verdiyi töhfə onun 2000 illik tarixində kurort şəhəri olması və xüsusilə də XIX əsrdə "Avropanın yaz paytaxtı" olaraq çiçəkləndiyi dövrü ilə əlaqədardır. "Baden şəhəri beynəlxalq müştərilər üçün əlaqə mərkəzi kimi inkişaf edirdi. Əminik ki, Baden şəhərini ziyarət edən insanlar qədim tarixlə qarşılaşacaq və XIX əsrin kurort şəhərinin əsl mənzərəsini görəcəklər".

Nəzərə çatdırılıb ki, Baden şəhərinin mədəni və təbii irsi təkcə şəhərin yerli sakinləri üçün deyil, başqa ölkələrdən gələn qonaqlar üçün də əhəmiyyət kəsb edir. Baden şəhərinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin ona daha böyük əhəmiyyət gətirəcəyinə və gələcək nəsillər üçün böyük qayğı və diqqətlə qorunacağına əminlik ifadə edilib.

Azərbaycandakı Şəki şəhərinin tarixi mərkəzinin və Xan Sarayının da UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edildiyini xatırladan soydaşlarımız qeyd ediblər ki, Ümumdünya irsi məkanları onları ziyarət edən hər kəs üçün nadir ilham mənbəyidir.

Qeyd edək ki, 2012-ci ildə "Avropanın möhtəşəm kurortları" ümumi adı altında Avropanın yeddi ölkəsindən 11 kurort məkanı üçün transmilli seriya halında UNESCO-ya müraciət edilib. Müraciətdə həmin məkanlardakı kurort mədəniyyəti və memarlığının universal dəyərləri spesifik Avropa fenomeni kimi səciyyələndirilib. Bir neçə gün öncə UNESCO-nun müvafiq komissiyası Avstriyanın Baden şəhərinin "Avropanın möhtəşəm kurortları"ndan biri kimi həmin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul edib.