...

Roli şəhərində Oxçuçayın çirkləndirilməsinə diqqət cəlb edilib

02.08.2021

ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının (ADT) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Roli şəhərində Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq fotosərgi təşkil edilib.

Şəhərin "Holy Springs" ərazisində keçirilən yarmarkada təşkil edilən Azərbaycan guşəsində tariximizi, mədəniyyətimizi əks etdirən suvenirlərlə yanaşı, ölkəmizin ərazisindən keçən və Araz çayına tökülən Oxçuçay fəlakətini təsvir edən fotolar da nümayiş etdirilib. ADT rəhbəri Adika İqbal sərgiyə böyük maraq göstərən yarmarka iştirakçılarına Oxçuçayın Ermənistanın əsas sənaye müəssisələrindən və ən böyük vergi ödəyicisindən biri olan Zəngəzur Mis-Molibden Kombinatı tərəfindən kütləvi şəkildə çirkləndirilməyə məruz qaldığı barədə ətraflı məlumat verib. Bu kombinatın səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet Holdinq" şirkətinə məxsus olduğu yerli sakinlərin nəzərinə çatdırılıb. Təəssüflə qeyd edilib ki, alman şirkəti keyfiyyət, səmərəlilik, təhlükəsizlik və digər bütün tələblərə riayət etdiyini bildirsə də, Oxçuçayın sənaye tullantıları ilə çirkləndirilməsinə göz yumub, Azərbaycan ərazilərinin ekoloji terrora məruz qalmasının qarşısının alınması naminə tədbirlər görməyib.