Şəxsi məqsədlərlə vətənə gələn diaspor nümayəndələri Şuşaya getmələrini böyük şans adlandırıblar
Xaricdə yaşayan və yay mövsümündə Azərbaycanda olan bir neçə soydaşımız diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərinin təşkil edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin həmin müraciət əsasında apardığı araşdırma sayəsində məlum olub ki, pandemiya səbəbilə qoyulmuş qadağaların nisbətən yumşaldılması nəticəsində bu yay daha çox soydaşımız Azərbaycana gəlib. Komitə soydaşlarımızın müraciətini nəzərə alaraq və bu yay daha çox diaspor nümayəndəsinin Vətəndə olmasından istifadə edərək, onların Şuşa şəhərinə bir günlük səfərini təşkil edib.
Səfərin məqsədi xaricdə yaşayan azərbaycanlıların azad olunmuş torpaqlara gedərək erməni vandalizmi ilə yerində tanış olmaları, Ermənistanın təcavüzkar hərəkətləri, beynəlxalq hüquq normalarını pozması ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında diasporumuzun fəallığının daha da artırılması olub.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında təşkil edilən səfərə 24 ölkədən 72 soydaşımız qatılıb.
Diaspor nümayəndələri ölkəmizin mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalan və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət edib, qədim Azərbaycan şəhərinin bir sıra görməli yerləri ilə tanış olublar. Eyni zamanda, əfsanəvi Cıdır düzünə gedərək orada Azərbaycan bayrağını dalğalandırıblar.
Şuşaya səfər edən soydaşlarımız sosial şəbəkə hesablarında və media orqanlarında təəssüratlarını bölüşüb, bu səfərin onlar üçün gözlənilməz və unudulmaz olduğunu bildirib, şəxsi məqsədlərlə vətənə gəldiklərini, xoş sürprizlə qarşılaşdırlarını, bu yay Azərbaycanda olmalarını böyük şans hesab etdiklərini dilə gətiriblər.
Diaspor təmsilçiləri Qarabağda qazanılan böyük Zəfərə görə şəhidlərimizin ruhu qarşısında baş əydiklərini qeyd edib, qazilərimizə sayğı və sevgilərini ifadə edib, dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirən müzəffər Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Soydaşlarımız Qarabağda, mədəniyyət mərkəzi qədim Şuşa şəhərində əldə etdikləri məlumatları yaşadıqları cəmiyyətlərə, xarici media orqanlarına, beynəlxalq ictimaiyyətə çatdıracaqlarını, bundan sonra da Azərbaycanın haqq səsi olmaqda davam edəcəklərini bildiriblər.