...

Könüllü təşkilatları rəhbərlərinin Naxçıvana səfəri başa çatıb

29.07.2021

Ölkənin aparıcı könüllü təşkilatları rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri gerçəkləşdirilib. Səfər Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər Fondlarının dəstəyi ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsini bu səfərdə beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşı, "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov təmsil edib.
Səfər 44 günlük Vətən müharibəsində həyatını itirən qəhrəman şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin və muzeyinin ziyarət edilməsilə başlayıb.
Sonra Naxçıvan Gənclər Mərkəzində tədbir keçirilib. Tədbir zamanı nümayəndə heyətinin üzvləri könüllü təşkilatlarının fəaliyyət istiqamətləri və layihələr barədə gənclərə ətraflı məlumat veriblər və tövsiyələrini bölüşüblər. Tədbir könüllülük sahəsində əməkdaşlıq edilməsi, gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində ortaq layihələrin həyata keçirilməsi məqsədilə AKTİ və Naxçıvan Gənclər Fondu arasında əməkdaşlıq memorandumunun imzalanması, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan könüllüləri arasında keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə respublika çempionatında I yerə layiq görülən Naxçıvan komandasının üzvlərinə sertifikatların təqdim edilməsilə başa çatıb.
Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş zamanı isə ölkəmizdə sürətlə inkişaf edən könüllülük hərəkatından, onun əsas istiqamətlərindən, könüllü olmağın üstünlüklərindən və müsbət rolundan danışılıb, tələbələrin sualları cavablandırılıb.
Səfər şərçivəsində Naxçıvanın tarix və memarlıq muzeyləri də ziyarət edilib.