Dövlət Komitəsində fransız jurnalistlərlə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edən Fransanın məşhur jurnalisti, tarixçi Alain Roumestand, dünyaşöhrətli fransız fotoqrafı Grégory Herpe və onları müşayiət edən Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə sözügedən qurumda görüş keçirilib.
Görüş zamanı Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, bu istiqamətdə həyata keçirilən işlər və layihələr, xaricdə fəaliyyət göstərən Koordinasiya Şuraları, Azərbaycan Evləri, Fransanın Nant şəhərindəki "Qarabağ" məktəbi də daxil olmaqla "Qarabağ" həftəsonu Azərbaycan məktəbləri barədə ətraflı məlumat verib. Bildirib ki, diasporumuzun əsas məqsədi ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği və Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaqdır. Fransada yaşayan azərbaycanlıların koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə gerçəkləşdirdiyi xeyriyyə tədbirlərinə, Tovuz hadisələri zamanı keçirdikləri sivil və icazəli aksiyalara diqqət cəlb edilib. Emənilərin yolverilməz davranışları fonunda soydaşlarımızın Fransa qanunlarına tam riayət etdikləri vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun beynəlxalq mətbuat vasitəsilə əsl həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdığı bildirilib. Qeyd edilib ki, Dövlət Komitəsi təkcə Azərbaycan diaspor təşkilatları ilə deyil, həm də ölkəmizə dost münasibəti bəsləyən xalqların icmaları və diaspor təşkilatları ilə sıx əlaqələr qurur, onlarla bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq edir.
Fransalı qonaqlar Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşərkən işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində olduqlarını və bu səfərin onlarda müsbət təəssürat yaratdığını bildiriblər. Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk demokratik ölkə olduğuna diqqəti cəlb edən qonaqlar xarici media ilə sıx əlaqələrin qurulması məsələsini müzakirə ediblər, diaspor sahəsində fikir və təkliflər səsləndiriblər.
Fransalı qonaqlar Diaspor TV və Diaspor FM-in fəaliyyəti ilə də tanış olublar.