Diaspor gənci "BBC Manchester" radiosunda Oxçuçay fəlakətindən danışıb
Azərbaycan Diaspor Gənclərinin Birləşmiş Krallıqda fəaliyyət göstərən fəal üzvü Nərmin Qocayeva nüfuzlu "BBC Manchester" radiosuna müsahibə verib.
Radionun aparıcısı Tələt Faruq Eyvenə müsahibəsində Nərmin Qocayeva azərbaycanlı gənclərin Britaniya cəmiyyətinə sıx inteqrasiyasından, ölkəmizin yerləşdiyi çoğrafi məkandan, qədim tariximizdən, zəngin mədəniyyətimizdən, xalqımızın adət-ənənələrindən və multikulturalizm dəyərlərinə sadiqliyindən danışıb.
Azərbaycanın ötən il II Qarabağ savaşında qələbə qazandığını xatırladan gənc soydaşımız Ermənistan və Almaniya şirkəti tərəfindən ölkəmizin ekosisteminə böyük ziyan vurulduğuna diqqəti cəlb edib. Qeyd edib ki, işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın sənaye tullantıları ilə kütləvi şəkildə çirkləndirilməsi nəticəsində ətraf mühitə, flora və faunaya, eləcə də insan sağlamlığına böyük təhlükə yaranıb. Araz çayının Kürlə qovuşduğunu, Kürün isə Xəzər dənizinə töküldüyünü xatırladan soydaşımız ekoloji fəlakətin miqyasının təkcə Azərbaycanı deyil, həm də qonşu ölkələri əhatə etdiyini bildirib. Ermənistandakı ekspertlərin bu dəhşətli fəlakəti etiraf etdikləri, lakin rəsmi İrəvanın, eləcə də Ermənistandakı mədənçıxarma sektorunun fəal oyunçusu olan "Cronimet" alman şirkətinin problemə göz yumduğunu vurğulayan gənc soydaşımız Azərbaycan tərəfinin bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdiyini deyib.
Müsahibəni aşağıdakı linkdən (1:25:17 – 1:33:20) dinləmək mümkündür:
https://bbc.in/3ksUwyz