Rusiyanın "Вечерняя Москва" qəzeti gənc soydaşımızın könüllülük fəaliyyətindən bəhs edib
Rusiyanın "Вечерняя Москва" qəzeti 17 yaşlı azərbaycanlı gənc Nicat Nəsiblinin cəmiyyətə faydalı olmağa çalışmasından yazıb.
Məqalədə bildirilib ki, ailəsi ilə Moskvada yaşayan Nicat Nəsibli 10-cu sinfi bitirib. Məktəbdə əla qiymətlərlə oxuyan Nicatın pandemiya ilə bağlı yaranmış çətin dönəmdə könüllülük fəaliyyətinə qoşulduğu nəzərə çatdırılıb. O, hazırda "Peyvənd köməkçiləri" hərəkatının bir qrup gənc könüllüsünə rəhbərlik edir. Nicat digər yeniyetmələrlə birlikdə şəhər sakinləri arasında peyvəndlənmənin mühüm olması barədə təbliğat aparır, onların tibbi məntəqələrə yönləndirilmələrinə yardım göstərir, sosial məsafənin saxlanılması barədə maarifləndirmə işləri aparır.
Qeyd edək ki, Nicat Nəsibli ədəbiyyat, hüquq və bədən tərbiyəsi üzrə məktəblilərin Ümumrusiya Olimpiadasının bələdiyyə mərhələsinin qalibidir. O, təhsildə olduğu kimi idmanda da böyük nailiyyətlər əldə etməyi bacarır. Stolüstü tennis üzrə Ümumrusiya Olimpiadasının ikiqat qalibidir. Kişilər arasında mini-futbol turnirlərinin, şahmat turnirlərinin qalibidir.
Gənc soydaşımız gələcəkdə proqramçı olmağı, kompyuter texnologiyası və mühəndisliyi sferasında çalışmağı planlaşdırır.