Diaspor gəncləri Minskdə sağlamlıq problemi olan uşaqları ziyarət ediblər
Belarusda fəaliyyət göstərən "Azərbaycan İcmaları Konqresi"nin (AİK) gənclər təşkilatının üzvləri müqəddəs Qurban bayramı münasibətilə onkoloji xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqları ziyarət ediblər.
Minsk şəhərindəki Respublika uşaq onkologiya, hematologiya və immunologiya mərkəzindəki ziyarət zamanı uşaqların sağlamlıq problemləri ilə yaxından maraqlanan gənclərimiz balacaları müxtəlif hədiyyələrlə sevindirməyə çalışıblar.
"AİK" gənçlər təşkilatının sədri Olesya Kosoykina bildirib ki, onlar mütəmadi olaraq bu mərkəzdə müalicə olunan xəstələri, o cümlədən soydaşlarımızı ziyarət edirlər. Azərbaycan diaspor təşkilatlarının hər zaman öz fəaliyyətlərində xeyriyyəçiliyə böyük üstünlük verdiklərini, mərhəmət və xeyirxahlıq hisslərini aşılayan layihələr həyata keçirdiklərini xatırladan gənc fəal digər diaspor təşkilatlarını da belə təşəbbüslərlə çıxış etməyə çağırıb.