...

ABŞ mediasında Oxçuçaydakı fəlakətə göz yumulması sərt tənqid edilib

16.07.2021

ABŞ-ın Texas ştatının https://texas.statenews.net xəbər portalında Oxçuçayın çirkləndirilməsindən bəhs edən "Greenpeace və Cronimet ekoloji fəlakətin yaşandığı çaya göz yumur" sərlövhəli məqalə yerləşdirilib.
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (ACCA) idarə heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzovun qələmə aldığı məqalədə bildirilib ki, soydaşlarımız Ermənistandakı Zəngəzur mis-molibden kombinatının fəaliyyətinin dayandırılması çağırışı ilə "Greenpeace"in top meneceri Ənni Leonard və "Cronimet Holdinq"in baş direktoru Yrgen Pilarskiyə müraciət ediblər.
Qeyd edilib ki, Ermənistanın əsas sənaye müəssisələrindən və ən böyük vergi ödəyicisindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet Holdinq" şirkətinə məxsusdur. Alman şirkəti keyfiyyət, səmərəlilik, təhlükəsizlik və digər bütün tələblərə riayət etdiyini bildirsə də, Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı çirkləndirməyə davam edir və bununla ekoloji terrora səbəb olur.
Erməni ekspertlərinin də Oxçuçaydakı ekoloji cinayəti etiraf etdiklərini və bunu misli görünməmiş fəlakət kimi qiymətləndirdiklərini xatırladan müəllif nəzərə çatdırıb ki, sularda yüksək miqdarda ağır metalların olması yalnız çay faunasına deyil, həm də insan sağlamlığına böyük təhlükələr yaradır. Bu çirkli suyun məişətdə və ya kənd təsərrüfatında istifadəsi mədə-bağırsaq traktının pozulmasına, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərə gətirib çıxarır.
Sonda müəllif ABŞ-ın kütləvi informasiya vasitələrini bu problemi geniş şəkildə işıqlandırmağa, "Greenpeace" beynəlxalq təşkilatını ekoloji cinayətə göz yummamağa və bununla bağlı müvafiq tədbirlər görməyə çağırıb.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://texas.statenews.net/newsr/12514