...

Monteneqroda Azərbaycan şəhidləri yad edilib

15.07.2021

Monteneqronun Tuzi şəhərindəki Nizam məscidində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin anım mərasimi keçirilib.

Mərasimdə Müsəlman İcmasının rəisi Rifat Feyziç, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə çıxış ediblər.

R.Feyziç bildirib ki, yurdlarını, torpaqlarını və vətənlərini qorumaq üçün canlarından keçən şəhidlərin dualarla xatırlanması icma üzvlərinin borcu və vəzifəsidir: "Azərbaycan xalqı, qardaş xalqımız əsrlər boyu onlara məxsus olan dəyərləri qorumaq məcburiyyətində qaldılar. Azərbaycan şəhidləri hümmətin şəhidləridir, ədalət və azadlıq uğrunda verdikləri fədakarlıq üçün onlara təşəkkür edirik".

S.Mirzəzadə qeyd edib ki, ötən il uyulun 14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı Tovuz istiqamətində törətdiyi növbəti hərbi təxribat nəticəsində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 10 hərbi qulluqçumuz qəhrəmancasına həlak olub. "Həmin hadisə torpaqlarımızın azad edilməsi yolunda qığılcım oldu. Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixli genişmiqyaslı hücumu Azərbaycan xalqının səbrini daşırdı və Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə torpaqlarımızın işğaldan azad edilməsi naminə əks-hücum əməliyyatları başladı. Vətən müharibəsi 44 gün davam etdi və ermənilərin Azərbaycan xalqının 30 illik səbrini zəiflik kimi qiymətləndirməsi onlara çox baha başa gəldi. Ermənistan hakimiyyəti döyüşlər zamanı 10 mindən artıq fərarinin olduğunu etiraf etsə də, müharibənin sona çatmasından 9 ay keçməsinə baxmayaraq, hələ də itkilərinin sayını açıqlamaqdan qorxur. Bu müharibədə Azərbaycan 2906 şəhid verib, 8 döyüşçü hələ də itkin düşmüş hesab edilir. Amma tarixi ədalətsizlik və təcavüzə son qoyuldu", - deyə mərkəz direktoru bildirib.

Mərasimdə Monteneqrodakı Müsəlman İcmasına və Azərbaycanın dostlarına davamlı dəstəklərinə görə minnətdarlıq ifadə edilib, bu da xalqımızın haqq və ədalət uğrunda apardığı mübarizənin sübutu kimi qiymətləndirilib.

Sonda Azərbaycan şəhidlərinin ruhuna dualar oxunub.