Kanada azərbaycanlıları Oxçuçayın çirkləndirilməsinə görə "Cronimet" şirkətinə etiraz bəyanatı göndərib
Kanadanın müxtəlif əyalətlərindən diaspor təşkilatlarının rəhbərləri Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirilməsinə etiraz olaraq "Cronimet" şirkətinə etiraz bəyanatı göndəriblər. Diaspor təşkilatları "Cronimet" şirkətini ekoloji cinayətə göz yummamağa, Oxçuçaydakı dəhşətli fəlakətin qarşısının alınması və ətraf mühitin qorunması üçün tədbirlər görməyə çağırıblar.
Bəyanatda Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyi vurğulanıb və səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet" şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının ilkin təmizləmə işləri aparılmadan istehsalat tullantılarını birbaşa çaya buraxdığına və ekoloji standartlara riayət etmədiyinə diqqət cəlb edilib. Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında aparılan monitorinqlər zamanı Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən Oxçuçayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox yüksək olduğu aşkar edilib. Suyun tərkibindəki ağır metalların miqdarı yalnız faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Bu çayın töküldüyü Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynadığı və Ermənistanın dövlət agentliklərinin də sözügedən ekoloji cinayəti etiraf etdikləri nəzərə çatdırılıb.
Bəyanat "Monreal Kanada-Azərbaycan Cəmiyyəti”nin rəhbəri Rəna Müslümova və Ottavadakı "Qarabağ" Azərbaycan dili məktəbinin həmtəsisçisi və baş təlimatçısı Vüsalə Əhmədova tərəfindən imzalanıb.