Azərbaycan-Pakistan dostluğu: dünyada sülhə verilən töhfə
Soydaşlarımızın təşəbbüsü ilə Pakistanın https://www.dailyparliamenttimes.com saytında və “Daily Parliament Times” qəzetində "Azərbaycan-Pakistan dostluğu: dünyada sülhə verilən töhfə" sərlövhəli məqalə dərc olunub.
Məqalədə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana, Türkiyədən sonra, ən çox siyasi və mənəvi dəstəyi Pakistan İslam Respublikasının verdiyi qeyd olunub: “Eyni zamanda müxtəlif ölkələrdəki Pakistan diasporu da həmin günlərdə Azərbaycan diasporu ilə həmrəylik nümayiş etdirdi. Pakistan bununla bir daha dost və qardaş ölkə olduğunu sübut etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib ki, Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi də daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. “Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir”,- deyə dövlət başçısı əlavə edib. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörmət bəsləyir və eyni dəyərlərə malikdir”.
Məqalədə bildirilir ki: “Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları Pakistan kütləvi informasiya vasitələrində əsas başlıqla işıqlandırılırdı. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə də qardaş Pakistanın daima Azərbaycanın yanında olmasını, öz siyasi və mənəvi dəstəyini əsirgəməməsini böyük məmnunluqla qarşılayıb”.
Müəllif qeyd edib ki, Azərbaycan dövləti hər zaman beynəlxalq prinsiplərə uyğun olaraq qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşayıb: “Azərbaycan 44 günlük müharibədə ona siyasi və mənəvi dəstək göstərən dost dövlətlərlə əməkdaşlığı daha da gücləndirib. Bu baxımdan Pakistanla münasibətlərə böyük diqqət və xüsusi əhəmiyyət verilir. İki ölkə arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcək”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.dailyparliamenttimes.com/2021/07/11/azerbaijan-pakistan-friendship-contribution-to-world-peace/#.YOygyZgzbIV