Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Norveçin Larvik şəhərində Azərbaycan–Norveç əlaqələrinə həsr olunmuş sərgi açılıb

12.07.2021

Norveçdə fəaliyyət göstərən "CAN" təşkilatının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Tur Heyerdal İnstitutunun, Vestfold muzeyinin və "The Viking Planet" Muzeyinin dəstəyi ilə bu ölkənin Larvik şəhərində "Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et!" adlı sərgi açılıb.
Sərginin açılış mərasimində Larvik şəhərinin sabiq meri və hazırkı bələdiyyə sədrinin müavini Rune Höiset, Türkiyənin Norveçdəki səfirliyinin birinci katibi Barbaros Tuna Erdem, konsulu Aytaç Özkütük, Qazaxıstan səfirliyinin birinci katibi Azat Matenov, Tur Heyerdal İnstitutunun direktoru Beate Björge, "CAN" təşkilatının sədri Şervin Nəcəfpur, norveçli fotoqraf və art-direktor Edmond Yang iştirak ediblər.
Tədbirdə çıxış edən R.Höiset, B.T.Erdem, B.Björge, E.Yang məşhur alim və səyyah Tur Heyerdalın doğulduğu şəhərdə bu layihənin gerçəkləşdirilməsini, Larvik şəhərinin 350 illik yubileyində Tur Heyerdalın əziz xatirəsinin yad edilməsini yüksək qiymətləndiriblər. Natiqlər səyyahın Azərbaycana bağlılığını, ümummilli lider Heydər Əliyevlə dostluq münasibətlərini əks etdirən sərginin əhəmiyyətindən, Azərbaycanın Türkiyə ilə dostluq münasibətlərindən, ölkəmizə səfərləri ilə bağlı təəssüratlarından danışıblar.
B.Björge sərginin 2024-cü ilə kimi müxtəlif mədəniyyət mərkəzlərində nümayiş olunacağını xəbər verib: "Norveçdən sonra ilk səfərimiz İtaliya və Andora olacaq. Arzu edirəm ki, gələcəkdə bu sərgini Azərbaycanda da nümayiş etdirmək imkanımız olsun. Ümidvaram ki, Azərbaycandaki dostlarımız arzumuzu həyata keçirməyimiz üçün bizə dəstəklərini əsirgəməzlər".
"CAN" təşkilatının sədri Şervin Nəcəfpur layihənin ideyası barədə qonaqlara müfəssəl məlumat verib. Bildirib ki, bundan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə sərgi 3 həftə ərzində Oslo şəhərinin məşhur "Aker Brygge" bulvarında nümayiş etdirilib. Azərbaycan və Norveç dostluğunun memarları olan Tur Heyerdal və Heydər Əliyevin dostluq əlaqələrindən, ölkələrimizi birləşdirən ümumi dəyərlərdən bəhs edən sərgidə təqdim olunan eksponatlar sırasına Azərbaycan xalçalarının və milli geyimlərinin də daxil ediləcəyi vurğulanıb.
Qeyd edək ki, iyulun 31-dək davam edəcək sərgi barədə Norveçin "Östland Posten" qəzetində də məlumat verilib. Oktyabrda sərginin Tur Heyerdalın ev muzeyində nümayiş olunması nəzərdə tutulub.