Türkiyənin paytaxtında Azərbaycan Evi açılıb
Ankara şəhərində Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) nəzdində fəaliyyət göstərən Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ümummilli lider Heydər Əliyevin ölkəmizin Ankaradakı səfirliyindəki büstünü ziyarət ediblər. Ulu öndərin büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Mərasimdə DİDK-nin sədri Fuad Muradov, YTB rəhbəri Abdullah Eren, Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, TADƏHF sədri, eyni zamanda Ankaradakı Azərbaycan Evinin rəhbəri Aygün Attar, Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm xadimləri, burada təhsil alan gənclər iştirak ediblər.
Qeyd edək ki, binanın girişində Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa Bəyannaməsini imzalayan zaman çəkilmiş fotosu yerləşdirilib. Burada "Şuşa" Konqres Mərkəzi, Qarabağ oxu zalı təşkil edilib, Qarabağ oxu zalının içində isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və Qarabağ Zəfəri guşəsi yaradılıb. Zəfər guşəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibə zamanı qələbə müjdəli tvitləri xüsusi çərçivələrdə nümayiş etdirilir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri Aygün Attar ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan və Türkiyə Prezidentlərinin tarixi Şuşa səfərindən, Azərbaycan Evinin yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən bəhs edib.
Azərbaycan–Türkiyə dostluq münasibətlərinin tarixinə ekskurs edən Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələrimizin bütün dünyaya örnək olan əlaqələri, II Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olması, mənəvi və siyasi dəstək göstərməsi barədə danışıb. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsinin əks olunduğunu, indiyədək bu istiqamətdə əldə olunan müsbət nəticələri, bu sahədə YTB-nin gördüyü işləri yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Evinin qapıları Türkiyədə yaşayan və fəaliyyət göstərən türkdilli xalqların icmalarının da üzünə açıq olacaq.
YTB sədri Abdullah Eren iki ölkə diasporlarının birgə fəaliyyətinin perspektivlərindən danışıb və Şuşa Bəyannaməsini diasporlarımız üçün "Yol Xəritəsi" adlandırıb. "Biz birliyimizi möhkəmləndirdikcə, XXI əsrin yaxın illərində bambaşqa Türk Dünyası görəcəyik", - deyə vurğulayıb.
A.Eren həm də Şuşaya unudulmaz səfərlə bağlı təəssüratını bölüşüb: "Prezidentləri gözləyərkən boş bir otağa keçib, pəncərəni açdım. Müxtəlif quşların və bülbüllərin əsrarəngiz səsi gəlirdi. Düşündüm ki, hətta Şuşadakı quşlar belə azadlığa çıxıblar. Şuşa həm də quşları ilə birlikdə azaddır!".
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım qardaş ölkənin paytaxtında Azərbaycan Evinin açılmasını diaspor tarixində mühüm hadisə kimi qiymətləndirib. Bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Evinin üzərinə çox böyük iş düşür.
Mərasim zamanı Adana–Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Yaqub Buluda, professor, TADƏHF-in İdarə Heyətinin sabiq üzvü Ənvər Həsənoğluna və vəkil Fərhad Azneviyə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı və təşəkkürnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.