"QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri müzakirə edilib
Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən "QALA" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin toplantısı keçirilib.
Toplantı zamanı cəmiyyətin son iki illik hesabatı dinlənilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələyə baxılıb. Səsvermə yolu ilə Rəşid Məmmədov yenidən növbəti iki il üçün cəmiyyətin sədri seçilib.
Tədbirdə cəmiyyətin fəaliyyət istiqamətləri və gələcək planları ilə bağlı məsələlər də müzakirə edilib.
"Qala"Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 2017-ci ilin fevral ayından fəaliyyət göstərir. Təşkilat hər il ölkəmizin əlamətdar günlərini soydaşlarımızın iştirakı ilə Azərbaycan Evində qeyd edir. Habelə Yunanıstanda hər il keçirilən millətlərarası festivallarda Azərbaycanın mədəniyyətini və mətbəxini layiqincə təmsil edir. Eyni zamanda, təşkilat yerli xəbər saytı – “Karfitsa” ilə əməkdaşlıq edir və hər ay ən azı 2 dəfə saytda ölkəmiz, mədəniyyətimiz, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında məqalələr yayımlayır.