İsraildə "Generalın sirli taleyi" kitabının təqdimat mərasimi keçirilib

03.07.2021

"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı alim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının rus dilinə tərcümə olunmuş "Generalın sirli taleyi" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat zamanı bildirilib ki, "Azİz" kitabın rus dilində nəşrini Azərbaycanın II Qarabağ müharibəsindəki tarixi qələbəsinə, ölkəmizin ərazi bütövlüyünün bərqərar olmasına və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cü ildönümünə həsr edib. Kitabda 1939–1945-ci illərdə Bakı şəhəri Hava Hücumundan Müdafiə qoşununun komandanı, bu il anadan olmasının 120 ili tamam olan general-mayor Məmməd Bağır Bağırovun həyat və fəaliyyətindən, II Dünya müharibəsi zamanı SSRİ-nin qələbəsində Bakının rolundan bəhs edilib.
Qeyd edilib ki, II Dünya Müharibəsi dövründə Bakı neft bölgəsinin müdafiəsinə rəhbərlik etmiş Azərbaycanın layiqli övladlarından biri olan general M.B.Bağırovun fəaliyyəti ilk dəfə araşdırılıb. Kitabda həmçinin arxiv sənədləri əsasında üç böyük dövlətin – Böyük Britaniya, Fransa və Almaniyanın Bakı neft bölgəsinə hərbi təhdid etdiyinə dair tarixi faktların təhlili təqdim olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman şəxsi materialları təqdim etdikləri üçün generalın nəvələri – professor Minaxanım Əsədli və professor Vüsal Bağırzadəyə, kitabın nəşr olunmasında dəstəklərinə görə isə "Azİz" assosiasiyasına və "Sholumi" mərkəzinin rəhbəri, "Azİz"in direktorlar şurasının üzvü Şaul Siman-Tova minnətdarlığını bildirib.
Qeyd edək ki, general-mayor Məmməd Bağır Bağırovun nəticələrindən biri Fransada yaşayan tanınmış pianoçu Etibar Əsədlidir.