Rusiya saytında Cənubi Qafqazda kommunikasiyaların bərpa olunması ilə bağlı məqalə yazılıb

02.07.2021

Soydaşlarımızın təşəbbüsü ilə Rusiyanın “Business-Dialog Media” qrupunun http://www.rbgmedia.ru/ saytında "Cənubi Qafqazda iqtisadi əlaqələrin inkişafının yeni mərhələsi" sərlövhəli məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, pandemiyaya baxmayaraq, Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir: "Azərbaycan ilə Rusiya arasında münasibətlər ildən-ilə möhkəmlənir, dövlətlərimiz regional və dünya miqyaslı birgə layihələrin iştirakçılarıdır. Onların uğur qazanması üçün Cənubi Qafqazın iqtisadi inkişafının qorunması və burada qarşılıqlı etimada əsaslanan sabitliyə və təhlükəsizliyə nail olunması son dərəcə vacibdir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan, Ermənistan və Rusiya başçılarının imzaladıqları sənədlər mühüm rol oynayır. Xatırladaq ki, regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli bəyanatında öz əksini tapıb".
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il yanvarın 11-də nəqliyyat kommunikasiyalarının bərpasına dair Moskvada səsləndirdiyi fikrə istinad edilir: “Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq".
Müəllifin fikrincə, üç ölkə arasında kommunikasiyaların bərpası yeni iqtisadi platforma yaradır.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
http://www.rbgmedia.ru/post.php?id=12512