Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü Kiyevdə təntənəli şəkildə qeyd edilib
Kiyev şəhərində 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı Hərbi attaşe aparatı, xarici dövlətlərin bu ölkədəki səfirliklərinin hərbi attaşeləri, Azərbaycan diasporunun rəhbərləri, I Qarabağ müharibəsinin iştirakçıları, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin əməkdaşları dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər düzülüb və ulu öndərin əziz xatirəsi yad edilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı Hərbi attaşesi polkovnik İlqar Ağayev, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov, diaspor fəalları Əbülfəz Qasımov, Şeyx Şakir Yəhyayev, I Qarabağ müharibəsinin iştirakçısı, ukraynalı hərbi pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov, Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında yaxından iştirak edən ehtiyatda olan ukraynalı polkovnik-leytenant Yuri Polevoy çıxış ediblər.
Bildirilib ki, bu il Silahlı Qüvvələr gününü qalib ölkə kimi qeyd etmək çox qürurvericidir. 103 il öncə Azərbaycan ordusunun əsasının Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğu, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində yürütdüyü mükəmməl siyasət nəticəsində ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmaq ənənəsinin bərqərar olduğu nəzərə çatdırılıb. Qeyd edilib ki, bu proses Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyub. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ən müasir silahlarla təchiz olunan və ən yüksək döyüş qabiliyyəti səviyyəsinə çatdırılan Azərbaycan Silahlı Qüvvələri ötən il 44 günlük Vətən müharibəsi zamanı böyük şücaət göstərərək torpaqlarımızı erməni işğalından azad edib.