Azərbaycan diasporu Silahlı Qüvvələr Gününü İstanbul şəhərində qeyd edib
Azərbaycanın dövlət bayramı 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan diasporu İstanbul şəhərində mərasim təşkil edib.
Mərasimdə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın İstanbuldakı konsulluğunun, Dünya azərbaycanlılarının ikinci toplantısı üçün İstanbula gələn Azərbaycanlıların Koordinasiya Şuralarının, Azərbaycan evlərinin təmsilçiləri, Türkiyədə təhsil alan 37 azərbaycanlı kursant, qardaş ölkədə müalicə olunan 31 qazimiz , eləcə də onların ailə üzvləri və Milli Müdafiə Universitetinin yüksək çinli heyətindən və professorlarından ibarət daha 12 nəfər tədbirdə iştirak edib.
Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, 103 il öncə yaradılan Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması istiqamətində dahi siyasətçi, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev misilsiz xidmətlər göstəriblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı qalib dövlətə, azərbaycanlıları isə qalib xalqa çevirib.
Əlamətdar gün münasibəti ilə qonaqları təbrik edən komitə sədri bildirib ki, bu bayramı məğlubedilməz orduya malik qalib xalq və qalib dövlət kimi qarşılamaq hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlıqla döyüşdüyü 44 günlük haqq savaşı zamanı tarixi Vətəndən uzaqda yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının bir bayraq altında birləşdiyi, möhtəşəm mütəşəkkillik və həmrəylik nümayiş etdirdiyi, bütövlükdə Azərbaycan diasporunun gücünü, fədakarlığını və böyük Vətən sevgisini bütün dünyaya göstərdiyi yüksək qiymətləndirilib.
Sonra Türkiyə Milli Müdafiə Universitetinin prorektoru Tələt Canpolad, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, hazırda Türkiyədə müalicə olunan polkovnik Məhərrəm Heybətov və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul işçisi çıxış ediblər. Hazırda Silahlı Qüvvələrimizin dostlara inam və düşmənə qorxu verən qüdrətli müasir orduya çevrildiyinə diqqət cəlb edilib. Bu məqsədə çatmaq üçün bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin bütün sahələrdə olduğu kimi ordu quruculuğu və hərbi-sənaye sahəsində də yüksək səviyyədə əməkdaşlıq həyata keçirdiyi, hər il 8 Noyabr tarixində qeyd ediləcək Zəfər Günündə bayraqlarımızın qoşa dalğalanacağı, Azərbaycan və Türkiyə Prezidentlərinin tarixi Şuşa səfərinin ölkələrimizin və diasporlarımızın inkişafı baxımından yeni mərhələnin əsasını qoyduğu vurğulanıb.
"Biz azərbaycanlı gəncləri yetişdiririk. Həmin gənclər yüksək səviyyəli kadrlar olurlar və türk zabitlərindən heç nə ilə fərqlənmirlər", - deyə Tələt Canpolad bildirib.
Azərbaycanın və Türkiyənin strateji əməkdaşlıq münasibətlərindən və güclü Silahlı Qüvvələrindən fəxrlə danışan Şamil Ayrım iki dövlət başçılarının unudulmaz Şuşa səfərini yada salıb: "Biz Şuşada Azərbaycanın böyüklüyünü və Azərbaycan ordusunun qüdrətini gördük".
Tədbir çərçivəsində diaspor fəaliyyətində müstəsna xidmətlərinə görə ötən ilin sonunda Azərbaycan dövlətinin medal və təşəkkürnamələrinə layiq görülmüş bir qrup soydaşımıza da mükafatları təqdim edilib. Böyük coşqu ilə davam edən mərasimdə ABŞ-dakı Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarlı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycanın Əməkdar artisti İslam Manafov, Azərbaycan dirijoru, bəstəkarı və pianoçusu, Azərbaycanın Əməkdar artisti Turan Manafzadə və başqaları çıxış ediblər. Onlar bayram münasibətilə xalqımızı təbrik ediblər və bildiriblər ki, Qarabağın erməni işğalından azad edilməsi bütün Türk Dünyasında böyük sevinclə qarşılanıb.