Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yeni icraçı direktoru təqdim edilib

25.06.2021

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yeni icraçı direktoru Orxan Pirverdiyev mərkəzin kollektivinə təqdim edilib.
Mərkəzin əvvəlki icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov çıxış edərək Orxan Pirverdiyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Pirverdiyev öz çıxışında, mərkəz tərəfindən 2019-2020-ci illərdə və cari ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda, görüləcək işlər və gələcək layihələr barədə danışıb. Bildirib ki, GAİM təkcə Marneulidən olan gənclərin deyil, bütün bölgələrdəki soydaşlarımızın inteqrasiyası üçün mühüm işlər görür, bundan sonra da gəncləri bir sıra yeniliklər və inteqrasiya sahəsində önəmli işlər gözləyir.
Tədbirdə iştirak etmiş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Nəriman Əliyev Komitə sədrinin adından GAİM-in fəaliyyətinə uğurlar arzulayıb, GAİM tərəfindən görülən işlər və yeni layihələrlə bağlı fikirlərini bölüşüb.
Tədbirdə “SOYDAŞ” İctimai Birliyinin üzvü Şahin Gülməmmədov birlik adından Marneulidə fəaliyyət göstərən yeniyetmələrdən ibarət futbol klubuna 36 dəst idman geyimi, 4 ədəd orijinal futbol topu və çempionatda iştirak üçün 500 lari üzvlük haqqı hədiyyə edib.
O.Pirverdiyev öz növbəsində “Soydaş İctimai Birliyi”nin icraçı direktoru Kamran Ramazanlıya göndərilən hədiyyələr üçün təşəkkürünü bildirib, hədiyyənin gənc futbolçuları daha da ruhlandıracağına əminliyini vurğulayıb.