Dövlət Komitəsində diaspor rəhbəri ilə görüş keçirilib
21 iyun tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə ilə görüşü keçirilib. Görüş zamanı Komitə sədri son illər ərzində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin xaricdə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, qarşıda duran başlıca vəzifə və məqsədlər haqqında fikirlərini bildirib. Eyni zamanda, Küveytlə Azərbaycan arasında əlaqələrin inkişafında diasporun rolunun artırılması, həmvətənlərimizin təşkilatlanması, Küveytdəki türkdilli xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə isə ötən dövr ərzində Küveytdəki Azərbaycan diasporu tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı geniş məlumat verib. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi Küveytdə yaşayan azərbaycanlılar tərəfindən yüksək coşqu və sevinclə qarşılanıb. Görüş zamanı Küveytdə Azərbaycan diasporu tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də fikir mübadiləsi aparılıb.
Sonda Komitə sədri Fuad Muradov tərəfindən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadəyə Azərbaycanın Küveytdə təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətindəki xidmətlərinə görə “Təşəkkürnamə” təqdim edilib.