Ukraynadakı diaspor fəallarına mükafatlar təqdim edilib

22.06.2021

Kiyev şəhərində Azərbaycan diasporunun bir qrup fəalına Diasporla İş üzrə Dövlət Komitəsinin müxtəlif mükafatlarının təqdimolunma mərasimi keçirilib.
Ölkəmizin Ukraynadakı səfirliyində baş tutan mərasimdə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Diasporla iş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov çıxış ediblər.
Səfir E.Axundova qeyd edib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrün tələblərinə uyğun aparılan siyasi kurs isə diaspor hərəkatını, o cümlədən Ukraynadakı diaspor təşkilatlarını da xeyli gücləndirib. "Səfirlik olaraq bizin qapımız bütün diaspor təşkilatlarının üzünə daim açıqdır", - deyə səfir bildirib.
D.Rəcəbli tədbir iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayıb və minnətdarlığını çatdırıb. Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən Dövlət Komitəsinin pandemiya, Tovuz hadisələri, 44 günlük Vətən müharibəsi ərzində və hazırkı dönəmdə fəaliyyəti və görülən işlər barədə müfəssəl məlumat verib. Qeyd edib ki, Ukraynadakı diasporumuz ölkənin ictimai-siyasi və humanitar həyatına sıx inteqrasiya etməklə dünyanın ən güclü diaspor hərəkatlarından birinə çevrilib. Bu gücün pandemiya və II Qarabağ savaşı zamanı nümayiş etdirildiyi, soydaşlarımızın informasiya müharibəsində ölkəmizlə bağlı həqiqətləri, Ermənistanın hərbi cinayətlərini yerli və dünya ictimaiyyətinə danılmaz faktlar əsasında çatdırdığı vurğulanıb. Ukrayna Azərbaycanlıları Radasının yaradılması, Odessada Azərbaycan Evinin açılması, Azərbaycan səfirliyi ilə diaspor təşkilatları arasında koordinasiyalı fəaliyyətin mövcud olması müsbət hadisələr kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdikdən sonra diasporumuz erməni təxribatlarına və yalanlarına qarşı daha diqqətli olmalıdır.
Daha sonra çıxış edən O.Krapivin və H.Cavadov bildiriblər ki, Azərbaycan dövlətinə və xalqına xidmət etmək, tarixi vətənlərini dəstəkləmək və təmsil etmək soydaşlarımız üçün qürur mənbəyidir.
Sonra səfirliyin ikinci katibi Samir Allahverdiyevin təqdimatında mükafatlar sahiblərinə təqdim olunub. Qeyd edək ki, diaspor hərəkatına töhfələr bəxş etdiklərinə görə Hikmət Cavadov, Oleq Krapivin, Nəcəf Əhmədov, Sərxoş İsmayılov və Kifayət Cəfərova "Diaspor fəaliyyətində xidmətə görə" medalı, "Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə" isə Fəxrəddin Hüseynov, Arzum Məhərrəmov, Elşad İbrahimov, Şəhriyar Məhərrəmov, Rəşad Tağıyev, Daməd Əsgərov, Murad Cəfərov və Vagif Nağıyevisə təşəkkürnamə ilə təltif olunublar.