Odessada Azərbaycan Evi açılıb

20.06.2021

30 mindən çox azərbaycanlının yaşadığı Odessa vilayətində Azərbaycan diasporunun “Birlik”ofisi -Azərbaycan evinin açılışı olub. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi təmsil olunub.
“Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək, bu gün dünyanın müxtəlif ölkələrindəki Azərbaycan evlərinin uğurlu fəaliyyətini qeyd edib və “Birlik”ofisi - Azərbaycan evinə, o cümlədən Odessada yaşayan soydaşlarımıza uğurlar arzu edib.
Komitənin şöbə müdiri Ruslan Quliyev Ukrayna və Azərbaycanın dostluq münasibətlərinin qədim tarixə malik olması və bu münasibətlərin bu gün də uğurla davam etməsi barədə fikirlərini bölüşüb.
Daha sonra, Odessa vilayətinin Azərbaycan diasporu idarə heyətinin üzvü Fazil Əsgərov çıxış edib, Azərbaycan evinin açılmasını məqsədəuyğun hesab etdiyini və bu addımı Ukraynadakı diasporumuza göstərilən qayğı kimi qiymətləndirdiyini bildirib.
Açılış mərasiminə qatılan Odessa Şəhər Meriyası Mədəniyyət və Turizm şöbəsinin müdiri Tatyana Markova çıxış edərək, Azərbaycan diasporuna uğurlar arzu edib.
Odessada bu günə qədər mövcud olan 3 Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin təşkili planlaşdırılır.