Həqiqətlərin təbliği və ölkəmizin tanıdılması Barselonadakı erməni icmasını və Ermənistan səfirini qıcıqlandırıb

17.06.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Barselona şəhər metrosunun müxtəlif platformalarında 28 may – Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilməsi Ermənistanı və İspaniyanın Kataloniya bölgəsində yaşayan erməni icmasını qəzəbləndirib.
Bu barədə Kataloniyanın https://www.elnacional.cat xəbər portalında məlumat verilib. Mark Qonsalesin qələmə aldığı "Azərbaycan təbliğatına icazə verdiyi üçün Ermənistan Kolau hökumətinə qarşı çıxış edir" sərlövhəli məqalədə qeyd edilib ki, bu polemika diplomatik toqquşmaya səbəb olub.
Kataloniya erməniləri assosiasiyası, Barselonanın erməni mədəniyyəti assosiasiyası və Ermənistanın bu bölgədəki səfiri Vladimir Karmirşalyan metroda bilbordların yerləşdirilməsinə etiraz edib. Bununla bağlı səfiri V.Karmirşalyan Barselona metropoliteninin direktoru Ramon Bakardiyə etiraz məktubu da ünvanlayaraq bilbordların metrodan dərhal yığışdırılmasını tələb ediblər. Bundan başqa, Kataloniya erməniləri assosiasiyası bilbordların yerləşdirilməsi ilə məşğul olan "JCDecaux" şirkətinə müraciət edərək, "Azərbaycanın manipulyasiya edilmiş informasiyasının dolayı iştirakçısı" olmamağa çağırıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərinin metro stansiyalarında 28 may – Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib. Bilbordlarda ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib, işğaldan azad olunmuş torparlarımızın, Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda məlumatlar yerləşdirilib. Hər gün 10 minlərlə insanın istifadə etdiyi metroda Barselona Metropolitanının əvvəlcədən müəyyənləşdirdiyi cədvəl üzrə yerləşdirilən bilbordlar 1 ay müddətində nümayiş etdiriləcəkdir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.elnacional.cat/es/internacional/armenia-gobierno-colau-propaganda-azerbaiyan_620207_102.html