“Türkiyə-Azərbaycan” jurnalının Qarabağa həsr olunmuş növbəti sayı işıq üzü görüb

17.06.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ankarada çap olunan “Türkiyə-Azərbaycan” jurnalının 2021-ci ildə ilk nömrəsi işıq üzü görüb. Jurnalın bu sayı Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda aparılan bərpa işlərinə həsr olunub. İlk səhifələri Azərbaycan və Türkiyə dövlət başçılarının Qarabağın gələcəyi haqqında fikirləri ilə başlayan dərgidə azad olunmuş torpaqlardakı quruçuluq işlərinin hazırkı vəziyyəti, Zəngəzur dəhlizinin türk dünyası üçün strateji əhəmiyyəti, iki ölkənin silahlı qüvvələrinin birgə Qars təlimi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və xalqlarımız üçün digər vacib mövzulardan bəhs edən geniş yazılar dərc olunub. Jurnalda həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsinin son üç illik fəaliyyətini əks etdirən geniş infoqrafik məqalə də yer alıb.
Qeyd edək ki, “Bir millət, iki dövlət” devizi ilə nəşr olunan jurnalın əsas hədəfi Türkiyə və Azərbaycandakı aktual mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə çatdırmaqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə çap olunan jurnalın məqsədlərindən biri də Azərbaycan, Türkiyə və türkdilli xalqların diasporunun birliyinə xidmət etməkdir.
Dövlət Komitəsi ilə Ajans Turka Strateji Araşdırma Mərkəzi arasında imzalanmış müqaviləyə uyğun 2019-cu ildən nəşr edilən jurnal Azərbaycanda, Türkiyədə və bu ölkələrin diasporlarının fəaliyyət göstərdiyi digər dövlətlərdə pulsuz yayılır.
Jurnalın bütün nömrələrini aşağıdakı internet ünvanından və sosial şəbəkə səhifələrindən də izləmək mümkündür:

https://www.turkiyeazerbaycan.com
https://www.facebook.com/TurkiyeAzerbaycanDergisi
https://twitter.com/trazdergisi
https://www.instagram.com/turkiyeazerbaycandergisi