Afulada Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib

17.06.2021

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsrail Dövlətinin Afula şəhərində 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş "İsrail və Azərbaycanda uşaq yaradıcılığı" adlı tədbir keçirilib.
İsrail və Azərbaycan bayraqları ilə bəzədilmiş konsert salonunda baş tutan ədəbi-bədii gecəni giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Bu tarixi hadisə ilə bağlı ətraflı məlumat verən Y.Salman Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün mühüm əhəmiyyətindən danışıb.
Konsert dirijor Şmuel Xaginin dirijorluğu ilə şəhər konservatoriyasının skripkaçılar ansamblının çıxışı ilə davam edib. Proqramda Qara Qarayevin, Georgi Sviridovun, Sergey Prokofyevin, Yevgeni Doqanın və digər bəstəkarların əsərləri ifa olunub.
Sonra Nizami Gəncəvinin, Rəsul Rzanın, Səməd Vurğunun, Leyla Əliyevanın, Aleksandr Puşkinin, Sergey Yeseninin, Aleksandr Prokofyevin, Yunna Moritsin və digər şairlərin əsərləri səsləndirilib.