Həmvətənimiz akademik İlizarovun 100 illik yubileyi qeyd edilib

17.06.2021

Azərbaycan yəhudi icmasının təşəbbüsü ilə Quba və Qusar rayonlarında tanınmış cərrah-ortoped, Rusiya Elmlər Akademiyasının akademiki Qavril İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
Qırmızı Qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Anatoli Rafailov, İsrailin Azərbaycandakı səfiri Corc Dik, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təmsilçisi Vahid Bayramov, Quba və Qusar Rayonu İcra Hakimiyyətlərinin rəsmi şəxsləri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və ölkəmizdəki yəhudi təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görkəmli həkim Q.İlizarovun zəngin həyat fəaliyyətinə həsr olunmuş sərgi açılıb, akademik haqqında kitablar, jurnallar, ona məxsus olan eksponatlar nümayiş etdirilib. Məhşur İlizarov aparatının 3D modeli və 100 illiyi üçün hazırlanmış xatirə medalı təqdim olunub.
Tədbirdə çıxış edən qonaqlar Q.İlizarovun şəxsiyyətinin bənzərsizliyindən, travmatologiya və ortopediyanın inkişafındakı xidmətlərindən, novator həkim kimi möcüzələr yaratmağından söhbət açıblar. Qeyd edilib ki, məhz onun ixtira etdiyi sıxılma-yayındırma aparatı sayəsində çox sayda insanın ağır xəsarətlərdən sonra bərpa olunması və ayağa qalxması mümkün olub.
STMEGI TV internet televiziyasının ixtiraçının 100-cü ildönümü ilə bağlı çəkdiyi film qonaqların xüsusi marağına səbəb olub.
Sərgidən sonra nümayəndə heyəti İlizarovun ata-baba yurdu Qusar şəhərində olub. Şəhərin mərkəzindəki Qavril İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində ucaldılmış İlizarov aparatının abidəsi təntənəli açılış mərasimi keçirilib. Hündürlüyü 6,5 metr olan abidənin müəllifi Fərhad Əzizovdur.
Xatırladaq ki, görkəmli ortopedik cərrah, Rusiya Elmlər Akademiyasının akademiki, tibb üzrə elmlər doktoru, professor, ixtiraçı Qavril İlizarov 15 iyun 1921-ci il tarixində anadan olub. Ömrü boyu çoxlu sayda əməliyyat həyata keçirib. Keçmiş SSRİ-nin müəllif hüququ sertifikatları ilə qorunan 208 ixtiranın müəllifidir, onlardan 18-i dünyanın 10 ölkəsində patent alıb.