Ermənistanın qəbuledilməz davranışı Avstraliyanın siyasi dairələrinin nəzərinə çatdırılıb

17.06.2021

Sidney şəhərində fəaliyyət göstərən Avstraliya–Azərbaycan–Türk Dostluq Birliyinin təşəbbüsü ilə Avstraliya İttifaqının siyasi dairələrinə azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olmasına etiraz əlaməti olaraq bəyanat göndərilib.
Birliyin rəhbəri İmaməddin Qasımovun imzası ilə 227 senatora, nazirə və palata üzvünə ünvanlanan bəyanatda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların xəritələri ilə bağlı rəsmi İrəvanın qəbuledilməz davranışı, bu hərbi cinayət nəticəsində ötən ilin noyabrından indiyədək 120-dən çox Azərbaycan vətəndaşının həlak olduğu və yaralandığı nəzərə çatdırılıb. Növbəti faciənin 4 iyun 2021-ci il tarixində baş verdiyinə, xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlərin həlak olduğuna diqqət cəlb edilib.
Azərbaycanlı icmasının mövcud durumdan narahat olduğunu vurğulayan birlik sədri Avstraliya hökumətini, parlament üzvlərini və digər müvafiq dövlət orqanlarını Ermənistanın davam edən təxribatlarını və mina xəritələrini verməkdən imtina etməsini qınamağa çağırıb: "Bu, təkcə mülki sakinlərə hücum deyil, həm də azad sözə və jurnalist fəaliyyətinə qarşı açıq-aşkar həyata keçirilən dəhşətli terror aktıdır".