Oslodakı gənc soydaşlarımıza Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığından bəhs edilib
Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 115-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
"Mənim dilim – ana dilim" layihəsi əsasında təşkil edilən konfransda Nizami Gəncəvi adına həftəsonu məktəbinin müəllimləri Arzu Rzayeva və Günay Əliyeva, Amerika Biblioqrafiya İnstitutunun Güney Azərbaycan ədəbiyyatı üzrə eksperti, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvi Esmira Fuad, Estoniyada yaşayan azərbaycanlı Təranə Mirzağayeva və digər şəxslər, eləcə də şagirdlər iştirak ediblər.
Tədbirdə M.Şəhriyarın yaradıcılığında fəlsəfi düşüncə, azadlığa, mübarizəyə çağırış, vətənpərvərlik hissinin üstünlük təşkil etməsi qeyd edilib. Bildirilib ki, XX əsr Azərbaycan poeziyasının incilərindən olan "Heydər babaya salam" poemasında milli ruh duyulur, şair xalqının milli bütövlüyünü, adət-ənənələrini peşəkarlıqla və bədii sözün gücü ilə oxucularına çatdırıb.
Konfrans aktrisa Rada Nəsibovanın ifasında M.Şəhriyarın "Azərbaycan" şeirinin, eləcə də çagirdlərin ifasında digər poeziya nümunələrinin səsləndirilməsi ilə davam edib. Tədbir əslən Güney Azərbaycandan olan Xalq artisti Rübabə Muradovanın və tanınmış müğənni Yaqub Zurufçunun ifalarında "Heydərbabaya salam" və "Yar qasidi" mahnılarının səsləndirilməsi ilə yekunlaşıb.