Məktəbli soydaşımızın ABŞ-dakı təhsil uğuru

16.06.2021

ABŞ-ın Virciniya ştatında yaşayan məktəbli soydaşımız Əlihüseyn Vəliyev ikinci dəfə bu ölkənin "Təhsil Müvəffəqiyyəti Mükafatı"na layiq görülüb.
Gənc soydaşımızın təhsil yolu Bakıdakı 8 nömrəli orta məktəbdən başlayıb. 2018-ci ildən təhsilini Virciniya ştatındakı Leyk Ric ibtidai məktəbində davam etdirib. Hazırda Leyk Ric orta məktəbinin şagirdidir və bu il 8-ci sinfi bitirib. Təhsil nəticələrinə görə, ABŞ Prezidenti Co Bayden tərəfindən "Təhsil Müvəffəqiyyəti Mükafatı"na layiq görülüb. 2018-ci ildə isə gənc soydaşımız ABŞ Prezidenti Donald Tramp tərəfindən analoji mükafatla təltif edilib.
Qeyd edək ki, Əlihüseyn Vəliyev Azərbaycan elminin tanınmış nümayəndəsi, iqtisadçı professor, əslən Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndindən olan Dünyamalı Vəliyevin nəvəsidir.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq məktəbli soydaşımızı təbrik edir və təhsildə davamlı uğurlar arzu edirik.