İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının növbəti toplantısı keçirilib
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının növbəti videotoplantısı pandemiya məhdudiyyətlərinin yumşaldılması mərhələsində bu ölkədəki diaspor təşkilatlarının perspektiv fəaliyyətinə həsr olunub.
Toplantıda Koordinasiya Şurasının əlaqələndiriciləri Leyla Bağırzadə, Əkbər Gəncə və digər üzvləri, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Koordinasiya Şurasının qarşısında duran vəzifələr, həyata keçirməyi planlaşdırdığı mədəni-sosial xarakterli layihələr, pandemiyanın sərt qaydaları səbəbindən online rejimdə çalışmağa məcbur olan "Qarabağ" Azərbaycan həftəsonu məktəbinin gələcək fəaliyyəti ətraflı müzakirə edilib.
"Azərbaycanın Dostları" təşkilatının nəzdindəki "Buta" rəqs dərnəyinin fəaliyyəti, Sürixdə təşkil etdiyi tədbirlər müsbət qiymətləndirilib. Toplantı iştirakçıları "Buta"nın yeniyetmə rəqqaslarını Azərbaycanda təşkil edilən beynəlxalq müsabiqədə birinci yer tutmaları münasibətilə təbrik ediblər.
Toplantı fəaliyyət istiqamətləri barədə təkliflərin irəli sürülməsi və əlaqələndiricilərin sualları cavablandırması ilə yekunlaşıb.