ABŞ-ın Roli şəhərində mina qurbanı olan azərbaycanlı jurnalistlərin xatirəsinə həsr edilmiş sərgi keçirilib

14.06.2021

Şimali Karolina ştatında fəaliyyət göstərən "Azərbaycan Dostluq Təşkilatı"nın prezidenti və həmtəsisçisi Adika İqbalın təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Roli şəhərində mina qurbanları olan azərbaycanlı jurnalistlərin xatirəsinə həsr edilmiş sərgi keçirilib.
Açıq səma altında şəhərin mərkəzində təşkil edilmiş sərgidə Azərbaycan və ABŞ-ın dövlət bayraqları, azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun şəkilləri, Ermənistanın 30 ilə yaxın işğal dönəmində Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi piyada və tank əleyhinə minaları əks etdirən fotomateriallar və qısa məlumatlar nümayiş etdirilib. Azərbaycanlı jurnalistlərin şəkilləri önündə qərənfillər düzülüb, şamlar yandırılıb.
"Azərbaycan Dostluq Təşkilatı"nın həmtəsisçiləri Vaqas İqbal və Adika İqbal sərgiyə maraq göstərən şəhər sakinlərinə 4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunda baş vermiş faciəli hadisə, mina xəritələrinə dair Ermənistanın yolverilməz davranışı barədə ətraflı məlumat veriblər.
Tədbir ştatın yerli xəbər saytlarında işıqlandırılıb.